bazar ertəsi 1 sentyabr 2025 - 19:48
İmam Musa Sədrin qızı Hurə Sədr

Hövzə / İmam Musa Sədrın qızı Hurə Sədr atası ilə bağlı xatirələrindən və onun nüfuzundan söz açaraq, ailəsinin və rəsmi araşdırma komitəsinin onun oğurlanması ilə bağlı aparılan araşdırmaları davam etdirdiyini, atasının sağ olduğuna inandıqlarını vurğulamışdır.

İmam Musa Sədrın qızının atasının azadlığı uğrunda 47 illik əzab, ümid və mübarizə hekayəsi

Hövzə Xəbər Agentliyinin Tehrandakı müxbirinin məlumatına görə, İslam dünyasının görkəmli və nüfuzlu simalarından biri olan İmam Musa Sədrın oğurlanmasının ildönümü münasibətilə “Radio Fərhəng” (Mədəniyyət radiosu) “Vətənim” adlı xüsusi veriliş hazırlamışdır. Proqramda böyük müctəhid və islahatçı ruhani haqqında müxtəlif mövzular: onun həyatı, ideyaları, arzuları və oğurlanması ilə bağlı son vəziyyət müzakirə olunmuşdur.

Verilişin qonağı İmam Musa Sədrın qızı və İmam Musa Sədr adına Mədəni Tədqiqat İnstitutunun rəhbəri Hurə Sədr olmuşdur. O, uşaqlıq xatirələrini yada salaraq demişdir:

“Biz uşaqlıqda sanki bir balıq kimi suyun içində yaşayırdıq və ətrafımızdakı mühitin fərqinə varmırdıq. Çölə çıxanda görürdük ki, insanların davranışı bir cürdür, atamızın davranışı isə başqa cür. O, tamamilə etiqadlarına bağlı bir insan idi, söz və əməlləri bir-birilə uyğun idi. Əgər məhrum və məzlumların hüquqlarını müdafiə edirdisə, ilk olaraq özü onların yanında olardı. İsrailə qarşı mübarizə aparırdısa, zərərçəkənlərin yanında ilk dayanan da özü idi. Cənubi Livanla bağlı hər hansı bir tələb irəli sürürdüsə, yenə birinci addımı atan özü idi. Onun düşüncə və əməli arasındakı bu uyğunluğu mən sonralar heyrətamiz şəkildə dərk etdim. Hətta dostlarım deyirdilər ki, siz atanızın sizinlə və cəmiyyətlə necə ünsiyyət qurduğunu fərq etmirsiniz, yalnız çölə çıxanda bunu anlayırsınız.”

O əlavə edib ki, təbiətim üzrə, hər gün hansı vəziyyətdə olsam, düşünürəm ki, əgər atam bu durumda olsaydı, nə edərdi?

“Əlbəttə, hiss edirəm ki, mən bunu qabaqcadan təxmin edə bilmərəm; çünki o, keçmişlə gələcəyə birlikdə baxa bilən və hərtərəfli qərar verən bir şəxsiyyət idi. Amma inkar etmirəm ki, bu düşüncə hər gün mənim daxilimdə yaşayır və gündəlik həyatımın bir hissəsinə çevrilib.”

“47 ildir ki, hər gün bu məsələni yaşayırıq”

Hurə Sədr bildirib ki, atasının oğurlanmasından artıq 47 il keçmişdir və bu illər ərzində daim müxtəlif hadisələr baş vermişdir, lakin heç vaxt tam sakitlik olmamışdır:

“Bu günlərdə də İmam Musa Sədrın ideya və baxışlarından danışmaq olar, amma artıq bunun vaxtıdır ki, əsas məsələyə, yəni onun oğurlanması məsələsinə diqqət yetirilsin. İnsanlar bizdən onun azadlığı uğrunda görülən işlər barədə danışmağımızı gözləyirlər. Biz hələ də onun sağ olduğuna və geri dönəcəyinə ümid edirik. Bizim dəlillərimiz var və bu illər ərzində bizi araşdırmalardan çəkindirmək üçün çox cəhdlər edilib. Gah şayiələrlə, gah saxta sənədlərlə, gah da Liviyada tapılan kütləvi məzarlıqlarla ki, bizi və rəsmi komitəni onları araşdırmağa məcbur ediblər.”

Hurə Sədr bu nümunələrdən birinə işarə edərək demişdir: “Tripolidə elan etdilər ki, guya tapılan cəsədlər onun və yoldaşlarının meyitləridir. Əvvəlcə onlardan soruşduq ki, siz hansı ssenari əsasında belə bir iddia irəli sürürsünüz? Lakin bizə heç bir məntiqli səbəb təqdim edilmədi. Araşdırma komitəsinin mütəxəssis həkimi və komitənin katibi cəsədləri araşdırdılar və heç bir oxşarlıq olmadığını dedilər. Bununla belə, Liviya tərəfi israr edirdi ki, DNT analizi aparılsın. Nümunələr Sarayevo laboratoriyasına göndərildi və nəticə göstərdi ki, cəsədlər Qəddafinin əmri ilə öldürülmüş Liviya xarici işlər naziri Mənsura məxsusdur. Amma nəticənin açıqlanması yenə də aylarla gecikdirildi və yalnız bizim təkidimizdən sonra qəbul edildi. Bu, sizə misal çəkdiyim sadəcə bir nümunədir, amma belə hadisələr dəfələrlə təkrar olunub. Hər dəfə yeni bir profil göndərirlər, amma nəticədə heç bir əlaqəsi olmadığı üzə çıxır.”

İmam Musa Sədrın qızı əlavə etmişdir: “Bizim araşdırmalarımızın qarşısını almaq üçün çox cəhdlər göstərilsə də, bunun üçün heç bir əyani və real sənəd təqdim edilməyib. Biz hələ də gündəlik təzyiqlərə məruz qalırıq, xüsusilə son illərdə, yəni, Hannibal Qəddafini həbs etdikdən sonra. Bu təzyiqlər yalnız Liviya hökumətləri tərəfindən deyil, yəni indi orada bir neçə hökumət olsa da, həm də Qəddafinin ailəsi tərəfindən edilir. O cümlədən, bu təzyiqlər Seyfəlislam, Ayişə və Qəddafinin digər yaxın qohumları tərəfindən göstərilir. Onlar davamlı olaraq bizə nümayəndələr göndərir, əlaqə saxlayırlar. Livan və ya üçüncü ölkələrə gələrək bizi ora dəvət edirlər. Rəsmi araşdırma komitəsi də hər dəfə iştirak etməyə məcbur olur ki, bəlkə yeni məlumat əldə edə bilsin. Lakin onların məqsədi Hannibal Qəddafini azad etdirməkdir, bizim məqsədimiz isə İmam Musa Sədrın azadlığıdır. Hər dəfə yeni məlumat vəd edirlər, amma əliboş gəlirlər və yenidən növbəti həftəyə vəd verirlər. Bu, həftələrlə, aylarla, bəzən isə illər ərzində davam edir. İllərdir eyni proses təkrar olunur və bu məhkəmə işini aparan hakim deyir ki, həqiqətən bunlar “bugün-sabah”larla artıq saçımızı ağardıblar.”

“İmam Musa Sədr yalnız ailəsinin deyil, bütün xalqın dəyəridir”

O, bildirib ki, İmam Musa Sədrın məsələ­si yalnız bir ailənin gücü ilə həll edilə bilməz: “Atamız Livanda cəmi 19 il yaşadı, amma 47 ildir onun izi, təsiri orada hələ də canlıdır. Bu iş təkcə bir ailənin öhdəsinə buraxıla bilməz. Niyə həmişə ailə işin araşdırılmamasına görə cavabdeh olmalıdır? Bizim edə biləcəyimiz iş, Livan məhkəmə orqanları və araşdırma komitəsi ilə əməkdaşlıq etmək idi. Bu komitə dəstəyə ehtiyac duyur: Regionda güclü və təsirli bir dövlət səviyyəsində olan bir dəstəyə. Hazırda Livan çətin vəziyyətdədir və bütün diqqətlər İrana yönəlib, çünki bu ölkə, bir çox qlobal problemləri həll edə bilib. Amma təəssüflər olsun ki, bu mövzuda İran üzərinə düşən rolu yetərincə yerinə yetirməyib. Özlərindən soruşmaq lazımdır ki, niyə bu indiyə qədər baş verməyib? İmam Musa Sədrin məsələsi hamımızdan böyükdür və biz ona layiq olan addımı atmaqda uğursuzluğa düçar olmuşuq.”

Hurə Sədr sözlərini belə tamamlayıb: “Biz deyəndə ki, İmam Musa Sədr hələ sağdır, bu, sadəcə bir şüar deyil, qəlbən inandığımız bir həqiqətdir. Amma düşünməyin ki, bu sözü demək asan bir işdir. Cəmi 19 ildə bu qədər böyük işlər görən bir şəxsiyyətin artıq 17 min gündən çox bir müddətdə zindanda saxlanılması nə qədər ağır bir vəziyyətdir! Bu, bizim üçün çətin inanılası bir şeydir, amma biz hələ də ümidliyik və bu inama sadiq qalmışıq.”

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha